Azərbaycan ruhlu rəssam

 

Toğrul Nərimanbəyov bütün dünyada tanınan, sevilən, yaradıcılığına və əsərlərinə böyük maraq göstərilən sənətkar idi

Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Nərimanbəyov 83 yaşında dünyasını dəyişib. Mahir boyakar, monumentalçı və teatr rəssamı kimi öz fitri istedadı ilə mədəniyyətimizin inkişafına dəyərli töhfələr verən görkəmli rəssamın yaradıcılığı təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox kənarda da tanınıb və sevilib. Toğrul Nərimanbəyovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin orden və medalları ilə təltif edilib. Rəssamın Azərbaycanın ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın nümunəsidir. Toğrul Nərimanbəyov bütün dünyada tanınan, sevilən, yaradıcılığına və əsərlərinə böyük maraq göstərilən rəssam olub. Elə bunun nəticəsidir ki, onun adı dahi rəssamlarla bir sırada "Dünya incəsənət-məlumatı" ensiklopediyasına daxil edilib. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı həmişə böyük şöhrət qazanıb. Onun əsərləri müxtəlif muzey və kolleksiyalarda nümayiş etdirilərək gənc rəssamlar nəslinin formalaşmasına müsbət təsir göstərib. Görkəmli rəssam yaradıcılığında janrlardan heç birinə müstəsna əhəmiyyət, xüsusi üstünlük verməyib. Böyük istedada malik olduğu üçün təsviri sənətin bütün janrlarında yüksək peşəkarlıq nümayiş etdirərək qiymətli nümunələr yaradıb.

Fərqli yaradıcılıq üslubu

Toğrul Nərimanbəyov 1930-cu ildə Bakıda doğulub. Bakı Rəssamlıq Məktəbini və Litva Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra uşaqlıq və gənclik illəri Azərbaycanda, Özbəkistanda və Litvada keçib. Azərbaycan və Özbəkistanda Şərq miniatür sənətinin cazibədar epik-major ahəngi onun uşaqlıq yaddaşında dərin izlər buraxıb. Litvada təhsil alarkən Qərbə məxsus barokko üslubunun təmtəraq və qotika arxitekturasının sərtliyi ilə qarşılaşıb. Vilnüsdə Rəssamlıq İnstitutunda oxuyarkən Delakrua sənətinə xas olan romantik gözəllik, Cotto əsərlərindən süzülüb gələn səmimiyyət, Rembrantda tragik vüsət, Sezanda rəssam fikrinin ifadə dəqiqliyi onu valeh edib. Toğrul Nərimanbəyov Van Qoqu həmişə özünə ruhən yaxın sənətkar hesab edib. Təbii ki, klassik rəssamların yaradıcılığı ilə yaxından tanışlıq onun dünya miqyaslı bir rəssam kimi yetişib formalaşmasında rol oynayıb.

Toğrul Nərimanbəyov ötən əsrin 50-ci illərində diplom işi olan "Baltik balıqçıları" adlı əsəri ilə rəssamlıq aləminə qədəm qoyub. O vaxt özünün ən yaxşı inkişaf dövrünü keçirən incəsənət aləmi gənc rəssamın fərqli yaradıcılıq üslubunu maneəsiz qəbul etməyib. Toğrul Nərimanbəyovun yaradıcılığında Şərqlə Qərb sənətinin sintezi xüsusi üstünlük təşkil edirdi. Onun əsərlərində Şərq miniatür sənətinə məxsus gözəl dekorativlik, Qərb incəsənətinə xas intellektuallıqla harmonik vəhdət təşkil edib, bu əsərlərin hərəkətverici qüvvəsinə çevrilirdi. Onun əsərlərinə dodaq büzərək "milli zəmindən uzaqlaşmış", "cızığından çıxmış rəssam" adlandırdılar. Amma bu qınaqlar rəssamı yolundan döndərməyib. T.Nərimanbəyov bu iradların heç birinə məhəl qoymayaraq ürəyinin hökmü ilə işləyib. Həmçinin rəssamın özünə də baxışlar birmənalı olmayıb. Bəziləri onu “xalqın içindən çıxmayan”, “onun dərd-sərindən, adət-ənənələrindən xəbəri olmayan" rəssam adlandırırdılar. Amma onun əsərləri bu qınaqların əksini deyirdi. Bu əsərlərdə T.Nərimanbəyovun uşaqlıqdan xalqın içində olan, onun dərd-sərini, adət-ənənələrini içəridən görən və onları milliliklə bəşəriliyin sintezində verməyi bacaran bir sənətkar olması üzə çıxır. Bu keyfiyyətlərə demək olar ki, onun bütün əsərlərində rast gəlmək mümkündür. "Buzovnada bayram", "Muğam" "Musiqiçilər", "Şəkidə bazar", "Yaylaqda", "Əlincə qalası", "Qədim Naxçıvanın panoramı" əsərləri buna gözəl misaldır. Rəssam istər mənzərə, istər tarixi-etnoqrafik, istərsə də məişət mövzulu əsərlərində ən çox xalq həyatını, məişətini, tarixini və etnoqrafiyasını araşdıraraq vəsf edib. Həmin əsərlərdən rəssamın öz torpağın və xalqına sevgisinin nə qədər hüdudsuz olduğunu hiss etmək mümkündür. Onun üçün Azərbaycan təkcə Bakıdan deyil, həm də uzaq bölgələrdən, gözəl meşələr, çaylar, çəmənliklər, uca dağlardan ibarətdir. Bu gözəlliklərə içəridən baxan rəssam əsərlərində rənglərin ecazkar dili ilə bu yerləri görməyənləri inandırmağa çalışır ki, dünyanın ən gözəl yeri onun Vətənidir!

Toğrul Nərimanbəyovun əsərlərinin hamısı Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət-ənənələrini, məişət tərzini, psixologiyasını özündə qabarıq əks etdirmək baxımından qiymətlidir.

Şuşa nisgili

Dünya şöhrətli rəssamın babası və atası şuşalı olub. Atası Fərman işlə bağlı olaraq sonradan Almaniyaya göndərilib. Daha sonra Fransanın Tuluza şəhərində təhsil alıb. Sonra isə Azərbaycana qayıdıb mühəndis kimi çalışıb və Mingəçevir su-elektrik stansiyasının əsasını qoyanlardan birinə çevrilib. 1937-ci ildə isə atası repressiya qurbanı olub.

Bu üzdən görkəmli rəssamın içində Şuşa həsrəti vardı. Düşmən əlində qalan torpaqlarımıza bir neçə əsər də həsr etmişdi. Söz düşəndə “Şuşa bir möcüzədir, bizim möcüzəmiz. Şuşanı unutmaq, oranın gözəl təbiəti üçün darıxmamaq mümkün deyil. O zamanlar vaxt tapan kimi ilk növbədə Şuşaya gedib Şuşanın gözəlliyindən ilham alırdım. Əminəm ki gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Dünya birliyi Qarabağın kimə məxsus olduğunu yaxşı bilir. Torpaqlar öz yiyəsinə qaytarılmalıdır” deyirdi. Uşaqlıq illərində Şuşanın hər qarışını addım-addım gəzən rəssam Şuşaya qonaq kimi getmək fikrindən də uzaq idi: “Şuşaya qonaq kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm. Bu cür səfərlərdə belə çıxır ki, onlar Şuşanın sahibi, biz isə qonağıq. Axı ora bizim torpağımızdır. Şuşa bizimdir, bax, bunu dünyaya çatdırmalıyıq. Ancaq mənə hələlik Şuşaya getmək təklif olunmayıb. Bəlkə də daha çox xaricdə olduğum üçün məni dəvət etmirlər. Şuşa bizimkidir və torpaq sahibinin olmalıdır. Şuşa qaytarılsa, gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram..." -deyə bildirirdi.

Təbiət ətirli lövhələr

Rəssamın "Xəzər üzərində şəfəq", "Baltika balıqçıları" tablolarında gənc entuziastların romantik obrazları əks olunub. "Emalatxanada", "S. Bəhlulzadə", "Mahnı", "Məhsuldarlıq", "Polyaçka", Sevinc" kimi lirik lövhələrində işıqlı həyatı anlara rast gəlmək olur. Rəssamın ürəkdolusu axtarış formaları Azərbaycan və dünya incəsənətinin ən yaxşı ənənələrinə əsaslanıb. "Göyçay bağlarında", "Bahar yarmarkası", "Narlar və armudlar", "Çiçəklər", "Köhnə çinar", "Qız qalası" kimi heyranedici natürmort və peyzajlarda təbiət ətri duyulur. Onlara sanki torpağın canlı şirəsi, Abşeronun yandırıcı günəşi, Göyçayın, Zaqatalanın, Lənkəranın təbiətinin əlvan rəngləri hopub.

T.Nərimanbəyov bir çox teatr səhnələrinin və bayram təntənələrinin, dekorativ səhnə əsərlərinin müəllifi kimi də tanınırdı. Görkəmli rəssam 1952-ci ildən bədii sərgilərin iştirakçısı olub. Kuba, Hindistan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Fransa, İtaliya, Moskva, ABŞ və s. ölkələrdə dəfələrlə fərdi sərgiləri keçirilib.

“Nağıllar aləmində”

T.Nərimanbəyovun bütün əsərləri Azərbaycan ruhludur. Onun əsərlərində milliliklə bəşəriliyin vəhdəti əksini tapıb. Rəssamın tablolarında gah İçərişəhərin qədim, dar və sirli küçələrini, tarixi abidələrinin, gah Xəzərin şahə qalxan dalğalarını, Azərbaycanın füsunkar mənzərələrini, gah da Parisin, Lüksemburqun, Vaşinqtonun və digər ölkə və şəhərlərin mənzərəsini görmək olar. Elə buna görə də rəssamın əsərləri bütün dünyanı gəzib dolaşırdı.

T.Nərimanbəyovun bəzi əsərləri əfsanə və nağıllara bənzəyir. Bu nağıllarda hər şey xoş sonluqla bitir. Rəssamın "Nağıllar aləmində" monumental əsəri Azərbaycan Kukla Teatrının foyesini bəzəyir. Monumental divar rəsmində həqiqətlə əfsanənin, sevinclə kədərin bir-birinə qaynayıb qovuşduğu sirli aləmlə üzləşmək mümkündür. Bu əsər rəssamın divar rəssamlığı sahəsində ilk uğurlu işi olub. Tamaşaçı bu əsərin fonunda divar rəssamlığı sahəsində artıq yetkinləşib formalaşmış əvəzsiz bir rəssamla tanış olur.

Rəssam divar rəssamlığına üz tutmasını artıq kətanın onun fantaziyasına darısqallıq etdiyini duyması ilə izah edir. Toğrul Nərimanbəyov sonralar da divar rəssamlığına müraciət edərək unikal sənət nümunələri yaradıb. Rəssamın monumental divar rəsmləri xalqın sevincli, kədərli ovqatı üzərində köklənmiş qədim mahnıları xatırladır.

Toğrul Nərimanbəyov divar rəssamlığının daha məsuliyyətli olduğunu söyləyir: “Kətan üzərində çəkilən əsərlər elədir ki, xoşuna gəlməyən yeri olanda əl gəzdirib düzəliş edə bilərsən. Heç ürəyinə yatmayanda gizlədib üzə çıxarmayırsan, yandırıb məhv edərsən. Amma divara çəkilmiş əsər divara köçdü, qurtardı. Daha onu nə düzəldə, nə də məhv edə bilərsən. O necə var, eləcə - bütün qüsurları, kəm kəsirləri ilə birlikdə həmişəlik qalmalıdır. Ona əvvəlcədən bəstələnmiş, hazır, özü də gözəl mahnı gərəkdir ki, birbaşa divara köçürəsən”.

Fransada Vətən ruhu

Görkəmli rəssam uzun illər idi ki, Fransada yaşayırdı. Vətəndən köçüb getməsi isə ötən əsrin 80-ci illərinin axırlarında şəxsi həyatında baş verən gözlənilməz hadisələrlə bağlı olub. Bunu yaxınlarından gizlətsə də, portretini çəkdiyi parapsixoloq Tofiq Dadaşovdan gizlədə bilməyib. Parapisixoloqun “Məşhursunuz. Daha məşhur olacaqsınız. Amma böyük çətinliklərlə üzləşəcəksiniz. Vətəndən uzaq düşüb bütün dünyanı dolaşacaqsınız"- sözlərindən bir müddət sonra ailəliklə Moskvaya, sonra Amerikaya, oradan da Lüksemburqa və Fransaya köçüb. Böyük çətinliklərlə üzləşsə də güc tapıb Parisdə qərarlaşa bilib. Hətta bu şəhərin nüfuzlu sərgi salonlarından birində - “Konven de Kordelyer” salonunda möhtəşəm fərdi yaradıcılıq sərgisini də açıb. Azərbaycanın bütün gözəlliklərinin tərənnüm olunduğu sərgi hamını heyran qoyub. Amerikanın Priston Universitetinin professoru Berit Zeyzinker rəssamın 40 əsərini əldə edərək Priston şəhərində onun adına sərgi salonu yaradıb. Dünyanın bir çox ölkələrində sərgiləri keçirilən rəssamı tamaşaçılar həm də opera müğənnisi kimi tanıyırlar. Ötən əsrin sonralarından başlayaraq o, maraqlı konsert proqramları ilə nüfuzlu səhnələrdə görünür. Onu rəssam kimi sevənlər artıq müğənni kimi də sevib dəyərləndirməyə başlayıblar. O, həmçinin mətbuatda şeirlərini çap etdirir.

Andre Molro, Çingiz Aytmatov, Lütfi Zadə, Mstislav Rastropoviç, Qara Qarayev, Ueno Mokato, İren Lüdviq, Rene Qere, Səttar Bəhlulzadə, Fikrət Əmirov kimi dünyanın məşhur sənət və elm adamları onun çoxçalarlı yaradıcılığını yüksək qiymətləndirib. Çingiz Aytmatov onu "Dövrümüzün dahiyanə rəssamı", "Rəssamlığın özünü bir boy ucaldan sənətkar", Ueno Mokato isə "Əsərləri nəhəng musiqi notunu xatırladan rəssam", "Öz torpağının gözəlliklərini böyük səxavətlə dünyaya göstərməyi bacaran istedadlı sənətkar" adlandırıblar.

Görkəmli rəssam həmişə iş başında idi. Şöhrəti dünyanı dolaşan rəssam deyirdi ki, onun üçün ən sakit yer və rahat istirahət guşəsi özünün yaradıcılıq emalatxanasıdır. Ancaq görkəmli rəssama hələ bundan sonra da divarları arasında nə qədər nadir sənət nümunələrinin yarana biləcəyi emalatxanaya da həmişəlik vida etmək lazım gəldi...

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-11 iyun.-S.11.